REGİONLAR


İsmayıllıda “Nakam ömür” kitabının təqdimatı olub

İsmayıllı, 11 may, AZƏRTAC

İsmayıllının Hacıhətəmli kənd məktəbində Birinci Qarabağ müharibəsinin şəhidi Qadir Şamil oğlu Məmmədovun qəhrəmanlığına həsr olunan “Nakam ömür” kitabının təqdimatı keçirilib. Tədbirdə yerli icra hakimiyyəti orqanının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qadirin təhsil aldığı Hacıhətəmli kənd orta məktəbində şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksinin önünə əklil qoyulub və Birinci Qarabağ müharibəsinin şəhidi Qadir Şamil oğlu Məmmədovun cəbhə həyatını əks etdirən guşəyə baxış keçirilib.

Sonra “Nakam ömür” kitabının təqdimatı olub. Təqdimat mərasimindən sonra məktəblilərin hazırladığı tədbirdə bildirilib ki, şəhid Qadir Şamil oğlu Məmmədov 1973-cü ildə Hacıhətəmli kəndində dünyaya gəlib. Qadir 1991-ci ildə sovet ordusunda altı ay xidmət etdikdən sonra Azərbaycan Ordusuna tərxis olunub. 1991-ci ildə Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün könüllü olaraq cəbhəyə gedib, qəsbkarlara qarşı mərdliklə döyüşüb və həmin il sentyabrın 23-də Laçın rayonunun Hocac kəndində şəhidlik zirvəsinə ucalıb. Şəhid yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.

Tədbirdə çıxış edənlər Qadirin döyüş yolundan danışıblar. Bildirilib ki, “Nakam ömür” kitabı gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələrinə, onların Qadir kimi igid oğullarını tanımalarına layiqli töhfədir. Kitab “Azərbaycan harayı” jurnalının təsisçisi və baş redaktoru Hacı Adıgözəl Ərziman oğlu tərəfindən ərsəyə gəlib. Şəhid Qadir Məmmədovun qəhrəmanlığı haqqında məlumat və xatirələrin toplandığı kitab “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsi çərçivəsində nəşr olunub. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Hacıhətəmli kəndinin 13 şəhidi olub.

Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.