REGİONLAR
İsmayıllıda “Şahin” hərbi idman oyunları üzrə qaliblər mükafatlandırılıb
İsmayıllı, 16 mart, AZƏRTAC
İsmayıllıda Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib. Birinciliyin açılış mərhələsi Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda, yarışlar isə şəhər 3 nömrəli məktəb-liseyin bazasında olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Veteranlar Şurasının sədri Əlaləm Babayev “Şahin” hərbi-idman oyunlarının gənclərin ordu sıralarına hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, yarışlarda zona mərhələsində iştirak edəcək komanda müəyyənləşəcək.
Yarışlarda iştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Birinci yeri qazanan Diyallı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Göyçay şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerə, 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Hər üç komanda rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.