REGİONLAR
İsmayıllıda “Sən elə bir zirvəsən” adlı mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb
İsmayıllı , 9 may, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin, rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında keçirilən “Sən elə bir zirvəsən” adlı onlayn mahnı müsabiqəsinə yekun vurulub və qaliblərin xüsusi karantin rejiminin qaydalarına əməl etməklə mükafatlandırılması mərasimi təşkil olunub.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgiləri ilə tanış olublar. Mükafatlandırılma mərasimində çıxış edən regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov, təhsil şöbəsinin müdiri Rövşən Əliyev, gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan danışıblar.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirası məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətidir.
Onlayn formada keçirilən mahnı müsabiqəsinin iştirakçıları üç nəfər üzvdən ibarət yaradılan komissiya tərəfindən üç nominasiya üzrə qiymətləndirilib.
Qaliblər İsmayıllı Regional Mədəniyyət İdarəsi, təhsil şöbəsi və gənclər və idman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.