REGİONLAR
İsmayıllıda Silahlı Qüvvələr Günü münasibətilə atıcılıq üzrə rayon birinciliyi təşkil olunub
İsmayıllı, 22 iyun, AZƏRTAC
İsmayıllı rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan Qarabağ müharibəsi veteranları və əlilləri arasında güllə atıcılığı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun yaranma tarixindən, Qarabağ əlilləri və veteranlarına göstərilən dövlət qayğısından danışıblar. Natiqlər Silahlı Qüvvələrimizin bugünkü qüdrətindən, aprel döyüşlərində göstərdiyi şücaətdən bəhs ediblər. Əminliklə bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.
Çıxışlardan sonra yarışlara start verilib. Çoxsaylı tamaşaçının iştirakı ilə gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə qalib gələnlər mükafatlandırılıblar.