REGİONLAR
İsmayıllıda “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
İsmayıllı, 11 may, AZƏRTAC
Mayın 10-da İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Sonra Ümummilli Liderin İsmayıllı rayonuna səfərlərindən bəhs edən film izlənilib və sərgiyə baxış keçirilib.
Tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın dövlətçilik tarixində parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.
Rayon Ağsaqqallar şurasının sədri Saleh Valehov Ulu Öndərin müxtəlif dövrlərdə İsmayıllı rayonuna səfərləri haqqında çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın hər bir bölgəsinə, eləcə də İsmayıllı rayonuna daima diqqət və qayğı göstərdiyini bildirib.
Sonda “Niyal” instrumental ansamblının solistlərinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan və onun sevdiyi mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.