REGİONLAR


İsmayıllıda buğda və arpa sortlarının təcrübə sahələrində müşahidələr aparılır

Bakı, 8 aprel, AZƏRTAC

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində yeni bitki sortlarına aid TFS (Təsərrüfat Faydalı Sınaqlar) sınaqları üzrə müvafiq fenoloji müşahidələr aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşahidələrə əsasən ayrı-ayrı sortlar üzrə qışlamadan sonra bitkilərin sahə görünüşü, 1 kvadratmetrə düşən bitkilərin göstəricisi, xəstəliklərə davamlılığı və digər əlamətləri müəyyən edilir. Məntəqədə 2018-ci ildə Dövlət Xidməti tərəfindən aparılan ekspertizanın nəticələrinə əsasən, sınağa qəbul olunan sortlara aid FOS (fərqlilik, oxşarlıq, sabitlik) sınaqları üzrə qiymətləndirmə işləri də icra olunur. Qiymətləndirmə işləri UPOV metodikasına uyğun olaraq yerinə yetirilir.

Bundan başqa İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində özəl şirkətlər tərəfindən respublikaya gətirilən və müxtəlif bölgələrdə becərilən buğda və arpa sortlarından ibarət nümayiş əkinlərində də müşahidələr aparılır. Nümayiş əkinləri əsasən İtaliya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Avstriya mənşəli arpa və buğda sortlarından ibarətdir. Eyni zamanda, müqayisə üçün nümayiş əkinində xarici sortlarla bərabər, respublika ərazisində geniş əkin sahəsinə malik olan “Qobustan”, “Qızıl buğda”, “Əsgəran”, “Qarabağ 22”, “Qarabağ 33” və s. yerli sortlar da əkilib.

İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində may-iyun aylarında özəl şirkətlərin, fermerlərin, Elmi-Tədqiqat müəssisələrinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə birlikdə sahədə sortlara baxış keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.