REGİONLAR
İsmayıllıda əsas kapitala 1,6 faiz çox investisiya qoyulub
İsmayıllı, 13 may, AZƏRTAC
İsmayıllıda 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib və yığıncaqda sosial-iqtisadi sahələrdə görülən işlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hesabat məruzəsində, eləcə də çıxışlarda aqrar sektorda, sənayedə, sosial sahələrdə, tikinti-quruculuq işlərində uğurlu nəticələr qazanıldığı bildirilib.
Qeyd olunub ki, cari ilin ilk üç ayında rayonda ümumi məhsul buraxılışı 38 milyon 651 min manat təşkil edib. Bu da əvvəlki illə nisbətən 2 milyon 553 min manat çoxdur. Ümumi məhsulun 11 milyon 992 min manatı kənd təsərrüfatının payına düşür. İnvestorlar və iş adamları üçün yaradılan əlverişli şərait nəticəsində əsas kapitala investisiya qoyuluşu ötən illə müqayisədə 1,6 faiz artaraq 8 milyon 775 min manata çatıb.
Rayonda aqrar sektorun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. İlk üç ayda cari ilin məhsulu üçün 1604 hektar sahədə yazlıq əkin aparılıb. Yazlıq bitkilər əkini davam edir.
Vurğulanıb ki, 2019-cu ildə 30 hektar sahədə tütün əkini nəzərdə tutulub. Bu məqsədlə şum vaxtında çıxarılıb, İsmayıllı şəhəri, Qalınçaq, Qurbanəfəndi, Topçu, Qalacıq kəndlərində tütün şitili əldə etmək üçün istixanalara toxum səpilib.
Məruzə və çıxışlarda fevralın əvvəllərində baş verən zəlzələnin vurduğu zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə əlaqədar ciddi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, evlərə və sosial təyinatlı obyektlərə komissiya tərəfindən baxış keçirilib, 112 evin qəzalı vəziyyətdə, 344 evin bərpaya, 455 evin təmirə ehtiyacı olduğu müəyyən edilib. Hazırda 76 evinin tikintisinə başlanılıb.
Hesabat yığıncağında əhalinin məşğulluğu, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər və sair məsələlər də geniş müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov hesabat yığıncağında çıxış edib.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.