REGİONLAR


İsmayıllıda əsas kapitala investisiya qoyuluşu 186 faiz artıb

İsmayıllı, 14 iyul, AZƏRTAC 

İsmayıllı rayonunda iyulun 14-də keçirilən iclasda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsi dinlənilib, müzakirələr aparılıb. Bildirilib ki, yarım ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 98 milyon 8 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 542 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu 186 faiz artaraq 38 milyon 375 min manat təşkil edib. Yarım ildə 645 yeni iş yeri açılıb ki, bundan 529-u daimidir.

Məruzə və çıxışlarda tikinti-quruculuq və abadlıq işləri sahəsində xeyli layihələrin reallaşdırıldığı bildirilib. Vurğulanıb ki, hesabat dövründə ölkə başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına Dəmirçi-Lahıc yolunun, Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə başlanılıb, Lahıc qəsəbə tam orta məktəbinin inşası davam etdirilir, şəhər ərazisində küçələrə asfalt örtük vurulub, ictimai yaşayış binalarında təmir işləri aparılıb. Habelə, İsmayıllı şəhərinin H.Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otelin, M.F.Axundov küçəsində yeddimərtəbəli iki yaşayış binasının tikintisi davam etdirilir, Tircan kəndi yaxınlığındakı Bədo istirahət, müalicə və sanatoriya kompleksində yeni restoran və tibb korpusunun inşasına başlanılıb və sair.

Məruzə və çıxışlarda aqrar sektorda görülən işlər də geniş təhlil edilib. Vurğulanıb ki, bu il 161 hektar çovdar olmaqla, 21 min 650,5 hektarda buğda, 6930 hektarda arpa yetişdirilib. Biçin davam edir. Buğda zəmilərində orta məhsuldarlıq 34,9 sentnerdir.

Ölkəmizdə həyata keçirilən aqrar islahatlar, o cümlədən ixracyönümlü məhsulların istehsalına maraq rayonda baramaçılığın, tütünçülüyün, habelə fındıqçılığın inkişafına güclü təkan verib. Cari mövsümdə 130 qutu baramaqurdu toxumundan tədarük məntəqəsinə 3899,9 kiloqram barama təhvil verilib. 9 inzibati ərazi dairəsi üzrə 22 hektarda tütün əkilib. Cari ilin yazında 500 hektarda yeni fındıq bağları salınıb.

İqtisadiyyatın aparıcı sahəsi olan heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Keyvənd kəndində “Azza-aqro” şirkəti tərəfindən may ayında “Aqrolizinq” ASC-nin xətti ilə 99 baş cins düyə gətirilib. Sentyabr-oktyabr aylarında isə daha 200 baş qaramalın gətirilməsi nəzərdə tutulub.

Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, qazanılan nailiyyətlər, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, habelə əhalinin elektrik enerjisi, təbii qazla təminatı, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı məsələlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.