REGİONLAR
İsmayıllıda fermerlərin təlimi və xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam edir
Bakı, 19 iyun, AZƏRTAC
İsmayıllı rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndlənmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlər və təlimlər İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır. Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına - baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər olunur.
Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
İlin əvvəlindən bəri İsmayıllı rayonunda 50 min 849 baş iribuynuzlu, 180 min 695 baş xırdabuynuzlu, 1669 baş təkdırnaqlı heyvanda və 172 baş donuzda qarayara, 2 min 965 baş sahibli itdə quduzluq, 51 min 547 baş iribuynuzlu və 43 min 996 baş xırdabuynuzlu heyvanda dabaq, 6 min 228 baş iribuynuzlu heyvanda leptospiroz, 180 min 237 baş xırdabuynuzlu heyvanda çiçək, 246 baş donuzda klassik taun, 51 min 227 baş iribuynuzluda nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də, bu dövr ərzində 396 min 220 baş (“H” ştammı ilə) quş və 463 min 185 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayonun 359 obyektində 4901 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Rayon ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə və müayinə tədbirləri davam etdiriləcək. Belə ki, iyunun sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub. Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.