REGİONLAR
İsmayıllıda fermerlərlə görüş keçirilib
İsmayıllı, 25 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunun iri taxılçılıq və heyvandarlıq təsərrüfatları olan Qalınçaq, Gəraybəyli və Qubaxəlilli kəndlərində fermerlərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının iştirakı ilə keçirilən görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində (EKTİS) qeydiyyat, yeni subsidiya mexanizmi, lizinq yolu ilə texnika və damazlıq heyvanların alınması, payızlıq səpinlə əlaqədar istehsalçıların qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması məsələləri barədə müzakirələr aparılıb.
Rayon DAİM-in direktoru Rövşən Yəhyayev aqrar sektorda aparılan islahatlar, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları, bölgədə kənd təsərrüfatı işlərinin gedişi, qarşıda duran vəzifələr barədə danışıb.
Mərkəzin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı ətraflı məlumat verərək, istehsalçıları Aqrar Subsidiya Şurasının qərarı ilə tanış edib.
Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov payızlıq səpinin aparılması üçün aqrotexniki tədbirlər, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə tədbirləri zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə istehsalçılara müvafiq tövsiyələr verib.
Görüşdə, habelə Şamaxı Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı rayonu üzrə baş aqronomu Çingiz Məmmədov səpinin yüksək reproduksiyalı toxumla aparılmasının, səpiləcək toxumun dərmanlanmasının əhəmiyyətindən, Rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev iri və xırdabuynuzlu mal-qaranın, eləcə də ev heyvanlarının vaxtında peyvənd olunmasının zəruriliyindən danışıblar.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.