REGİONLAR
İsmayıllıda fərqlənən idmançılar mükafatlandırılıblar
İsmayıllı, 5 mart, AZƏRTAC
İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, İsmayıllı Peşə Tədris Mərkəzində təşkil olunan mərasimdə idman qurumlarının rəhbərləri, gənclər, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafında fərqlənənlər iştirak ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin işçisi Nəsimi Teymurov, gənclər və idman idarəsinin rəisi Taleh Salehov, peşə tədris mərkəzinin direktoru Zaur Muradov bədən tərbiyəsi və idman günü münasibətilə gəncləri təbrik edib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıblar. Çıxış edənlər son illər İsmayıllı idmançılarının respublika və beynəlxalq yarışlarda qazandıqları uğurlardan bəhs ediblər.
Çıxışlardan sonra rayonda idmanın inkişafı istiqamətində fərqlənən bir qrup şəxsə diplom və qiymətli hədiyyələr təqdim olunub.