REGİONLAR
İsmayıllıda istixana təsərrüfatlarının sayı 52-yə çatıb
İsmayıllı, 25 avqust, AZƏRTAC
Cari ilin ötən dövründə İsmayıllıda 12 yeni istixana fəaliyyətə başlayıb və beləliklə, rayonda bu cür təsərrüfatların sayı 52-yə çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, son illər istixana təsərrüfatına maraq xeyli artıb. Cari ildən İsmayıllı şəhərində, Kürdmaşı, Topçu, Sumağallı, Talıstan, Aşıqbayramlı kəndlərində bu cür təsərrüfatlar fəaliyyətə başlayıb. İstixanalardan hər il orta hesabla 60-70 ton faraş tərəvəz məhsulları götürülür ki, bu da sahibkara xeyli gəlir gətirir.
İstixana təsərrüfatlarında əsasən üzvi gübrələrdən istifadə olunur. Nəticədə bazara ekoloji cəhətdən təmiz məhsul çıxarılır. Bu isə yetişdirilən məhsula marağı artırır.
Rayonda istixana təsərrüfatlarının artması, təbii ki, bazarda məhsul bolluğuna da şərait yaradır.