İsmayıllıda kombaynlar taxıl biçininə hazır vəziyyətə gətirilib
AzerTAg.az
İsmayıllı, 18 may, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, biçin kampaniyası üçün mövcud olan hüquqi və fiziki şəxslərə məxsus 45 kombayn artıq start vəziyyətə gətirilib. Taxıl biçininin vaxtında, itkisiz başa çatdırılması üçün 100-dək kombayna ehtiyac var. Əlavə texnikalar hər il olduğu kimi, məhsul yığımını daha tez qurtaran aran rayonlarından dislokasiya ediləcək.
Qeyd edək ki, cari mövsümdə İsmayıllıda 30 min 822 hektar sahədə taxıl yetişdirilir. Zəmilərin 22 min 495 hektarı buğda, 8327 hektarı isə arpadır. İyulun birinci ongünlüyündə kombaynlar sahələrə çıxarılacaq. İlkin olaraq cənub ərazilərdə daha tez yetişən arpa biçiləcək. Mütəxəssislər cari mövsümdə rayon üzrə orta məhsuldarlığın 35 sentner olacağını proqnozlaşdırırlar.

Xəbərin mətnində orfoqrafik səhv var