REGİONLAR
İsmayıllıda mənzilə ciddi ehtiyacı olan məcburi köçkün ailələrinin sayı dəqiqləşdiriləcək
İsmayıllı, 13 oktyabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətində məcburi köçkün ailələrinin nümayəndələri ilə keçirilən görüşdə onların qarşıdan gələn payız-qış mövsümündəki qayğıları geniş müzakirə olunub.
İki yüzə yaxın məcburi köçkün ailəsindən nümayəndənin qatıldığı görüşdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin bu məsələləri daim diqqətdə saxladığını vurğulayıb. Mirdaməd Sadıqov rayon ərazisindəki 47 yaşayış məntəqəsində 754 ailəni əhatə edən 2742 nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdığını vurğulayaraq, onların qayğılarına daim diqqətlə yanaşıldığını bildirib. 45 evdən ibarət olan “Qarabağ” qəsəbəsinin bütün infrastrukturu ilə qısa vaxtda tikilib məcburi köçkünlərin istifadəsinə verilməsi məhz bu qayğının nəticəsidir.
Görüşdə Ağdam, Laçın, Füzuli, Kəlbəcər, Şuşa, Xocalı, Cəbrayıl, Tərtər, Xocavənd və Zəngilan rayonlarından olan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda, habelə payız və qış mövsümündə məcburi köçkünlərin qarşılaşa biləcəkləri çətinliklər barədə də məlumat verilib. Bu çətinliklər, əsasən, ev, qaz, su, işıq, yol və torpaq məsələləri ilə bağlı olub.
Görüşdə qaçqın və məcburi köçkünlərin qayğılarının həlli ilə bağlı müvafiq strukturlara konkret tapşırıqlar verilib. Habelə, komissiyanın yaradılması və komissiya tərəfindən bir ay müddətində mənzilə ciddi ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi qərara alınıb.