REGİONLAR
İsmayıllıda qanunsuz at kəsimi aşkarlanıb
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib. Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq kənd qışlağında 3 baş atı kəsərkən aşkar edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən olunub. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kiloqram təşkil edib.
Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.