CƏMİYYƏT
İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrində reydlər aparılıb
Bakı, 10 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda rayon polis şöbəsinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib.
Yoxlama zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələri, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə əlaqədar icrası məcburi göstərişlər verilib.