REGİONLAR
İsmayıllıda qazilərlə görüşlər davam edir
İsmayıllı, 18 yanvar, AZƏRTAC
İsmayıllı rayonunun Ruşan, Vəng, Hapıtlı və Kürdmaşı kəndlərindən olan Vətən müharibəsi qaziləri rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən evlərində ziyarət olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gündə Ermənistan ordusunu məğlub edərək qazandığı qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə İsmayıllıdan olan əsgər və zabitlərin şücaətindən danışılıb. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin ailələri, sağlamlığını itirən döyüşçülər daim diqqətdə saxlanılacaq.
Vurğulanıb ki, Prezidentin Fərmanı ilə yaradılan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”nun (“YAŞAT” Fondu) fəaliyyətə başlaması, rayon icra hakimiyyəti başçılarının aparatlarında yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısının bariz nümunəsidir.
Görüşdə qazilərin qayğıları ilə maraqlanılıb.
Qazilər, o cümlədən Vəng kəndindən Adıgözəl Məmmədov, Ruşandan Sərxan Osmanov, Kürdmaşıdan Tərlan Ağazadə, habelə qazilərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.