İsmayıllıda qazıntı zamanı tarixi abidə və sənət nümunələri tapılıb VİDEO
AzerTAg.az
İsmayıllı, 12 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 31 iyul tarixli Sərəncamına əsasən İsmayıllı rayonunda 11 yaşayış məntəqəsini əhatə edən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəlki və sonrakı dövrə aid olduğu ehtimal edilən tikili qalıqları, habelə 100-ə yaxın maddi-mədəniyyət nümunəsi - qab, bəzək əşyaları və pul sikkələri aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri əraziyə baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər olunub.
Sözügedən ərazinin polis əməkdaşları tərəfindən mühafizəsi təmin edilib.





Xəbərin mətnində orfoqrafik səhv var