REGİONLAR
İsmayıllıda reyd zamanı vətəndaşlara tibbi maska paylanılıb
İsmayıllı, 27 yanvar, AZƏRTAC
İsmayıllı rayonunda “COVID-19” infeksiyasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət, profilaktik-maarifləndirmə tədbirləri davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət məqsədilə yaradılan modul qruplar və gənc könüllülər polis əməkdaşları ilə birgə növbəti reyd keçiriblər. Şəhər ərazisində fəaliyyətinə icazə verilən ticarət və digər obyektlərdə, o cümlədən bazarətrafı və bankomatların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan düzgün istifadə olunmasının, ara məsafənin gözlənilməsinin, habelə vaksinasiya prosesində fəal iştirak etmələrinin özlərinin və başqalarının təhlükəsizliyi üçün zəruriliyi izah olunub. Reyd zamanı sakinlərə 1000-ə yaxın tibbi maska paylanılıb.
Rayonda son həftə ərzində 2413 ticarət obyektində, 516 digər fəaliyyət sahəsində və 85 yas mərasimində monitorinq aparılıb və nəticədə 126 ticarət, 207 digər fəaliyyət obyektinə və 4623 vətəndaşa xəbərdarlıq edilib, habelə 14 nəfər inzibati qaydada cərimə olunub.
Qeyd edək ki, sərt karantin rejimi qaydalarının tətbiqi rayonda öz müsbət nəticəsini göstərib. Belə ki, artıq “COVID-19” infeksiyasına yoluxmaların sayı demək olar ki, yox dərəcəsindədir.