REGİONLAR
İsmayıllıda şəhərin mühafizəsi üçün yeni bənd tikilib VİDEO
İsmayıllı, 27 avqust, AZƏRTAC
İsmayıllıda şəhərin sel sularından mühafizəsi üçün yeni beton bənd tikilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı rayonu ərazisindən keçən dağ çayları yaz və payız aylarında daha təhlükəli olur. Belə iri çaylara Girdimançay, Ax-Ox çay, Göyçay çay, Türyançay və Talıstan çayını misal gətirmək olar. Talıstan çayda tikilən beton bənd ümumilikdə İsmayıllı şəhərini sel sularından qorumaq üçün nəzərdə tutulub. Hazırda əraziyə İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları cəlb olunub, beton bəndin tikintisi yekunlaşmaq üzrədir.
Suvarma mövsümü də uğurla davam edir. Rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında bu günə qədər hər hansı bir problem yaşanmayıb. İsmayıllıda fermerlər son illər kartof əkininə daha çox üstünlük verirlər. Hazırda kartof sahələrindən bol məhsul əldə edilir.
Sahələrin su ilə təminatının yaxşılaşdırılması üçün torpaq məcralı kanallar mütəmadi olaraq lildən təmizlənir. Bu işlər rayonun müxtəlif istiqamətlərində ekskovatorlar vasitəsilə həyata keçirilir. Bununla da suvarma suyunun maneəsiz sürətli axını təmin olunur.
İsmayıllı Suvarma Sistemləri İdarəsi 9000 hektara yaxın suvarılan torpaq sahələrinə xidmət edir. Bu il İsmayıllı rayonunda əkilən 1000 hektar taxıl sahəsi suvarılıb və artıq taxıl biçini yekunlaşıb. Bundan başqa 1000 hektarda yonca, 400 hektarda kartof, 200 hektarda qarğıdalı və 40 hektar sahədə tütün əkilib.