REGİONLAR
İsmayıllıda şəhid Teymur Osmanlının xatirəsi anılıb VİDEO
İsmayıllı, 31 may, AZƏRTAC
İsmayıllı rayonunun Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlunun doğum günü - 26 yaşı mayın 31-də uyuduğu kənd qəbiristanlığında, məzarı yanında qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon Şöbəsinin rəisi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Şəhid Teymur Osmanlının xatirəsi ehtiramla yad edilib, məzarı üstünə çiçəklər qoyulub. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlayan və 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Teymur və onun kimi şəhid oğullarımızın Vətən qarşısındakı unudulmaz xidmətlərindən danışılıb.
Bildirilib ki, Teymur 1995-ci ildə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Teymur Vətən müharibəsi başlayanda cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, Suqovuşanın azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.
Anım mərasimindən sonra kəndin girişində Teymur Osmanlının və Birinci Qarabağ müharibəsində şəhid olan baş leytenant Çingiz Kərəm oğlu Bağırovun xatirəsinə tikilən bulağın da açılışı olub. Məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Sonra rayon rəhbərliyi şəhidlərin ailələrində olub, onların qayğıları ilə maraqlanıblar.