REGİONLAR
İsmayıllıda şəhid ailələri ziyarət edilib VİDEO
İsmayıllı,19 mart, AZƏRTAC
İsmayıllı rayonunda Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların azyaşlı övladları və kiçik bacı-qardaşı olan ailə üzvləri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, gənclər və idman idarəsinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər. Öncə Qarabağ müharibəsi şəhidlərinin məzarı ziyarət olunub. Ziyarətə gələnlər şəhid ailələrinə bayram sovqatı verib, onların qayğıları ilə də maraqlanıblar. Bayram hədiyyələri Novruzun personajlarından olan kosa, keçəl və bahar qızı tərəfindən təqdim edilib.
Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi hər kəs üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.