REGİONLAR


İsmayıllıda şəhidə həsr edilən qısametrajlı filmin təqdimatı olub

İsmayıllı, 29 noyabr, AZƏRTAC

İsmayıllıda Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki...” qısametrajlı filmin təqdimatı olub. Təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, şəhidin təhsil aldığı universitetin şəhid ailələri və müharibə iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin təqdimat mərasiminin keçirildiyi rayon mədəniyyət mərkəzində iştirakçılar şəhid Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgi ilə tanış olublar.

Təqdimatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür sənədli filmlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra “Elə bir ömür yaşayacam ki...” qısametrajlı filmi nümayiş olunub. Filmdə şəhid Cəmil Məmmədlinin həyatı və şərəfli döyüş yolu barədə yaxınlarının, müəllimlərinin, döyüş yoldaşlarının, dostlarının xatirələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.