REGİONLAR


İsmayıllıda şəhidin xatirəsi ehtiramla anılıb

İsmayıllı, 23 sentyabr, AZƏRTAC

İsmayıllıda Vətən müharibəsində şəhid olan tarix müəllimi Famil Əhmədzadənin doğum günü uyuduğu Şəhidlər xiyabanında, məzarı yanında ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhid Familin məzarı üstünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gülük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, 30 illik Vətən həsrətinə son qoyan, şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlığı, vətənpərvərliyi gələcək nəsillərə bir örnəkdir. İcra başçısı çətin gündə qələmini silaha dəyişən Famil müəllimin xalqını sevən, dövlətinə sədaqətli, vətənpərvər, cəsur bir döyüşçü olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Novruz Aslanov şəhid Famil Əhmədzadənin 44 günlük Zəfər yürüşündə göstərdiyi şücaətdən söz açıb. Qeyd edib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ilk doğum gününü qeyd edən Famil kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq.

Şəhid atası Ağaəhməd Əhmədov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib, mərasimə gələnlərə təşəkkür edib. Sonra E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri şəhidlərə, vətənə həsr edilən şeirlər söyləyiblər. Mərasim şəhidin yaşadığı evdə davam edib. İcra başçısı və Milli Məclisin deputatı şəhid Famil Əhmədzadənin adı verilən küçədə onun barelyefinin önünə gül dəstələri qoyub, yaşadığı evdə yaradılan xatirə guşəsi ilə tanış olublar.

Qeyd edək ki, Famil Əhmədzadə 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. İbtidai təhsilə 1982-ci ildə Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. Orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirib. Elə həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna qəbul olunub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib, məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb və döyüşlərdə taqım komandiri olub. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin alınmasında böyük şücaət göstərib, oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.