REGİONLAR
İsmayıllıda şəhidin xatirəsi ehtiramla yad olunub
İsmayıllı, 16 sentyabr, AZƏRTAC
İsmayıllıda Vətən müharibəsində həlak olan şəhid sərhədçi kiçik gizir Əşrəf Məmmədlinin doğum günü dəfn olunduğu Maçaxı kənd qəbiristanlığında ehtiramla anılıb. Yaşasaydı, Əşrəfin 22 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon Şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, ailə üzvləri şəhidin məzarını ziyarət edib, üzərinə əklil və çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Çıxış edənlər Əşrəf Məmmədlinin ömür yolundan danışıb, sərhədçi-zabit andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, Cəbrayıl rayonu istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar.
Çıxışlarda həlak olan şəhidlərimizin qanının yerdə qalmadığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.
Şəhid Əşrəf Məmmədlinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, ailələrinin ziyarət edilməsinin bu qayğının bariz nümunəsi olduğunu söyləyiblər.
Anım mərasimində Musa Piriyev adına Tircan kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Əşrəf Məmmədli Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.