REGİONLAR
İsmayıllıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib
İsmayıllı, 14 avqust, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin dəstəyi, gənclər və idman idarəsinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə veloyürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, veloyürüş İsmayıllının Şəhidlər xiyabanı-şəhid Xəyyam Daşdəmirovun məzarı (Balik kəndi)-Şəhidlər xiyabanı marşrutunu əhatə edib.
Veloyürüşçülər əvvəlcə Şəhidlər xiyabanında uyuyan həmyerlilərini, sonra iyulun 12-də Tovuz sərhədində erməni hücumunun qarşısını alarkən şəhid olan və Balik kənd qəbiristanlığında dəfn edilən Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.
Qeyd edək ki, veloyürüş koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına əməl olunmaqla keçirilib. Əvvəlcə velosipedçilər hərtərəfli tibbi müayinə olunublar.
Veloyürüş iştirakçılarını rayon polis şöbəsinin yol patrul və post patrul xidmətinin əməkdaşları, habelə tibbi yardım maşınında həkim və tibb işçiləri müşayiət ediblər.