REGİONLAR
İsmayıllıda sənaye məhsulları istehsalı iki dəfəyədək artıb
İsmayıllı, 5 fevral, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası aqrar bölgə olan İsmayıllı rayonunda da iqtisadiyyatın şaxələndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması və fəaliyyətlərinin genişləndirilməsinə mühüm töhfələr verib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumi məhsul buraxılışında sənaye məhsullarının həcmi 2014-cü ildən bəri iki dəfəyədək artıb və 2018-ci ildə 9 milyon 141 min manata çatıb. Son beş ildə rayonun Diyallı bələdiyyəsi ərazisində velosiped istehsalı zavodu, Göyçay çayının rayon ərazisindən keçən hissəsində 2 su elektrik stansiyası, Xanagah kəndi yaxınlığında dam örtükləri istehsalı müəssisəsi, İsmayıllı şəhərində xalça istehsalı fabriki tikilib.
Hazırda Heydər Əliyev prospektinin başlanğıcında ikinci xalça fabrikinin inşasına başlanılıb. Habelə, Kürdmaşıda “İsmayıllı şərab-1” emal müəssisəsində genişləndirmə işləri aparılır.