REGİONLAR
İsmayıllıda taxıl sahələrinə herbisid çilənir
İsmayıllı, 3 may, AZƏRTAC
İsmayıllı rayonunun taxılçıları əkin sahələrində alaq otlarına, o cümlədən yabanı vələmirə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılıq İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda cari ilin məhsulu üçün 31 min 42 hektar sahədə məhsul yetişdirilir. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər sahələrdə zəruri aqrotexniki tədbirləri ardıcıl olaraq yerinə yetirirlər. Bu günlərdə məhsuldarlığa ciddi təsir göstərən alaq otlarına, o cümlədən yabanı vələmirə qarşı əkin sahələrinə herbisid çilənir. Bunun üçün hər gün sahələrə 20-dək çiləyici çıxarılır.
Artıq 26 min hektar ərazidə işlər yekunlaşdırılıb. Rayonun cənub ərazilərində, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Qalagah, Soltankənd inzibati ərazi dairələrində əkinlərə herbisid çilənməsi başa çatıb və hazırda çiləmə şimal ərazilərdə davam etdirilir.