REGİONLAR
İsmayıllıda türk şirkətlərinin istehsalı olan gübrə sınaqdan keçirilib VİDEO
İsmayıllı, 31 oktyabr, AZƏRTAC
İsmayıllıda Türkiyənin kənd təsərrüfatı sahəsində 25 illik təcrübəsi olan “Yeşil Vadi” və “Siyahaltın” şirkətlərinin istehsalı, ekoloji cəhətdən təmiz gübrənin istifadəsi üçün sınaq təcrübəsi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayon dövlət aqrar inkişaf mərkəzinin mütəxəssisləri, fermerlər və şirkətlərin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sınaq təcrübəsi türk şirkətləri ilə “İsmayıllı Quşçuluq” ASC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib. Belə ki, ASC-yə məxsus taxıl əkini sahəsinin bir hektarında səpin zamanı həmin gübrədən istifadə olunub. Torpağa verilən bu gübrənin tərkibi barədə məlumat verən şirkətlərin nümayəndələri Mehmet Çök və Emrah Sezgincan bildiriblər ki, gübrə məhsuldarlığı artırmaqla yanaşı, torpağı, ekoloji mühiti saflaşdırır. Belə ki, bu gübrənin tərkibində heç bir kimyəvi maddə yoxdur. Nümayəndələr əminliklə söyləyiblər ki, bugünkü tədbirdə iştirak edən hər kəs gec-tez gübrənin keyfiyyətinin və əhəmiyyətinin şahidi olacaq.
Sınaq təcrübəsində iştirak edən rayon icra hakimiyyətinin məsul işçisi Şahin Hüseynov, dövlət aqrar inkişaf mərkəzinin mütəxəssisi Paşa Məmmədov, Nikitin adına kolxozun baş aqranomu Matvey Pavlov çıxışlarında “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən, Prezident İlham Əliyevin insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı fərman, göstəriş və tapşırıqlarından irəli gələn vəzifələrdən, bu istiqamətdə respublikamızda həyata keçirilən tədbirlərdən danışıblar. Ümidvar olduqlarını bildiriblər ki, bu gün sınaq üçün səpində istifadə edilən gübrə istər məhsulun, istərsə də torpağın ekoloji təmizliyinə, saflığına heç bir xələl gətirməyəcək.