REGİONLAR
İsmayıllıda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “dəyirmi masa” keçirilib
İsmayıllı, 7 dekabr, AZƏRTAC
İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli dövlət və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Peşə Tədris Mərkəzində keçirilən “dəyirmi masa”da məktəbin müəllim və şagirdləri, fəal gənclər, ziyalılar iştirak ediblər.
Tədbirdə tədris mərkəzinin direktoru Zaur Muradov, rayon icra hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, gənclər və idman idarəsinin rəisi Taleh Salehov, tarix müəllimi Ramiz Baloğlanov, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov və başqaları çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri barədə ətraflı danışıblar. Vurğulanıb ki, Azərbaycan xalqının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd olunub ki, Heydər Əliyev bənzərsiz, özünəməxsus, dünya siyasətində öz dəst-xətti olan tarixi bir şəxsiyyətdir. Məhz onun işləyib hazırladığı daxili və xarici siyasət konsepsiyası sayəsində Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilib.