REGİONLAR
İsmayıllıda üzüm yığımı başa çatıb
İsmayıllı, 5 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda üzüm yığımı kampaniyası başa çatıb, sahələrdən 4236 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayonda üzümçülük inkişaf etdirilir. Hazırda bölgədə 1121,1 hektar üzüm bağı var ki, bunun da 1012,9 hektarı bar verən bağlardır. Plantasiyaların 311,1 hektarı süfrə, 810 hektar isə texniki sortlarından ibarətdir. Bağlarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir.
Cari ildə bar verən üzüm bağlarının hər hektarından 41,8 sentner olmaqla 4236 ton məhsul yığılıb. Bu da keçən illə müqayisədə 112 ton çoxdur. Məhsul yığımı kampaniyası daha çox üzüm bağları olan Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində daha mütəşəkkil keçib.