REGİONLAR
İsmayıllıda yaxın illərdə fındıq istehsalını 4000 tona çatdırmaq üçün hər cür imkan var
İsmayıllı, 13 avqust, AZƏRTAC
İsmayıllı rayonu zəngin təbii-iqlim şəraitinə malikdir və burada bir çox digər sahələrlə yanaşı, fındıqçılığın inkişafı üçün də geniş imkanlar var. Prezident İlham Əliyev avqustun 10-da İsmayıllıda olarkən rayon ictimaiyyəti ilə görüşündə ən çox valyuta gətirən məhsul kimi fındıqçılığın inkişafına diqqətin artırılmasını tövsiyə etmişdi.
AZƏRTAC xəbər verir ki, fındıqçılığın inkişaf etdirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib. Kənd təsərrüfatı idarəsinin mütəxəssislərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, sahibkarların və təcrübəli bağbanların iştirak etdikləri müşavirədə fındıqçılığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Müşavirədə bildirilib ki, hazırda İsmayıllıda 87 hektar fındıq bağı var. Onun da 76 hektarı bar verir. Ötən il bağlardan 212 ton fındıq yığılıb. Bu il isə 300 ton fındıq istehsalı gözlənilir.
Müzakirələrdə yaxın illərdə fındıq bağları sahəsinin 2000 hektara, illik məhsul istehsalının isə 4000 tona çatdırılması üçün hər cür imkan və şəraitin olduğu vurğulanıb. Xüsusən rayonun Diyallı, Talıstan, Topçu, Sumağallı, Çəmənli, Qalınçaq kəndlərində, İsmayıllı şəhərinin ərazisində bu cür imkanlar daha genişdir.
Müşavirədə yeni fındıq bağlarının salınması ilə əlaqədar müvafiq qurumlara konkret tapşırıqlar verilib.