REGİONLAR
İsmayıllıda yüksək nəticə göstərən məzunlarla görüş olub
İsmayıllı, 17 avqust, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2021-2022-ci il tədris ilində İsmayıllı rayon təhsil sektorunda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına parkda təşkil olunan görüşdə RİH-nin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev, təhsil işçiləri, valideynlər iştirak ediblər. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev İsmayıllı təhsilinin uğurlarından danışıb. Qeyd edib ki, yaxşı pedaqoji ənənələri olan İsmayıllı təhsili həmişə yüksək nəticələri ilə fərqlənib və bu ənənə davam edir.
Tədbirdə çıxış edən icra başçısı Nahid Bağırov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan icra başçısı sabahımız üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir. Nahid Bağırov qeyd edib ki, icra edilən layihələr ali təhsilini başa vuraraq geri qayıdan gənclərə işlə təmin olunmalarına zəmin yaradacaq. Bunun üçün rayonda böyük işlər görülür.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək İsmayıllının gələcəyi olan gəncləri tələbə olmaları münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də İsmayıllıda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, 2021/2022-ci tədris ilində İsmayıllı rayonunda orta ümumtəhsil məktəblərinin məzunlarından 21 nəfəri 600 bal, 68 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Aydın Simran oğlu Aydınov qazanıb. O, 676 bal toplayıb.
Görüşdə orta məktəbi qızıl medalla qurtaran məzunlara medal və attestatlar, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə, habelə bir sıra müxtəlif layihə və müsabiqələrdə qalib olmuş məzunlara fəxri fərman və mükafatlar təqdim olunub.