REGİONLAR
İsmayıllıdakı Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi Milli Mətbuat Gününə həsr olunub
İsmayıllı, 22 iyul, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyəti və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi Milli Mətbuat Gününə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məşğələdə veteran jurnalistlər, ictimaiyyət nümayəndələri, “Dağ çiçəkləri” ədəbi məclisinin, “İsmayıllı yazarları” ictimai birliyinin üzvləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, gənclər, ziyalılar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Azərbaycan tarixinin Heydər Əliyev epoxasında milli mətbuatımızın və jurnalistikamızın yeri” mövzusunda məruzə edib. Dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin media siyasəti və onun beynəlxalq səviyyəli nəticələri”, tarix müəllimi Rza Salahov “Azərbaycan mətbuatının yaranma, inkişaf və yüksəliş tarixi” mövzularında çıxış ediblər. Məruzə və çıxışlarda görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının keçdiyi 143 illik çətin və şərəfli yoldan danışılıb, ölkəmizdə bərqərar olan söz və mətbuat azadlığından, bu sahədə çalışanlar üçün göstərilən dövlət qayğısından bəhs edilib. Vurğulanıb ki, bu gün mətbuatımızın inkişafı və çiçəklənməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra veteran jurnalistlərə bayram hədiyyələri təqdim edilib.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.