REGİONLAR


İsmayıllının 28 sakininə “Qələbənin 75 illiyi” yubiley medalı verilib

İsmayıllı, 27 iyun, AZƏRTAC

İsmayıllı rayonunun 28 sakininə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı verilib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, medallar sakinlərə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə evlərində təqdim olunub.

Müharibə veteranları diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, bu il mayın 1-də Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarının sözügedən medalla təltif edilməsi haqqında Sərəncam imzalamışdır.

Digər Sərəncamla bir sıra vətəndaşa birdəfəlik maddi yardım da ayrılıb. Bu sənədə əsasən Böyük Vətən müharibəsində iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə yardım verilməsi nəzərdə tutulub. Həmin şəxslər arasında İsmayıllının 118 sakini də var. Vəsait müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edib. İsmayıllıda birdəfəlik yardım birinci kateqoriyaya aid 4 vətəndaşın, digər kateqoriyalar üzrə isə ümumən 114 sakinin bank hesabına köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.