REGİONLAR


İsmayıllının Sumağallı kəndində yeni layihə həyata keçirilir

İsmayıllı, 4 iyul, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadın təşəbbüslərini dəstəkləməyə başlayıb. Qeyd edək ki, layihədə yeni komponent olan “Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi”, əslində ailələrin iqtisadi imkanlarını artırmağa xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd İnvestisiya Layihəsinin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumağallı kəndində yaradılan “Arzu” Qadın İnkişaf Qrupunun xalça toxuma və şirniyyat istehsalı üzrə fəaliyyəti ilə tanışlıq və bununla əlaqədar yeni layihənin təqdimatında bütün bunlar barədə ətraflı danışılıb.

Tədbirdə “Arzu” Qadın İnkişaf Qrupunun təşkil etdiyi hər iki fəaliyyət istiqaməti – toxunan xalçalar və bişirilən milli şirniyyat nümunələri üzrə sərgi təşkil olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edərək QHT-lərin, ictimai birliklərin fəaliyyəti üçün rayonda geniş imkanlar açıldığını, qadınların ictimai fəallığının artdığını diqqətə çatdırıb. Qeyd edib ki, Arzu Mirzəyevanın yaratdığı Qadın İnkişaf Qrupu bu gün Sumağallı kəndində qadınların fəaliyyəti üçün geniş imkanlar açıb. Bu qrup sosial həyatda qadınların rolunu artırmağa, iqtisadi fəallığını genişləndirməyə xidmət edir. Sumağallı icması “AzKİL-2” ilə müntəzəm əlaqələr saxlayır, yeni fəaliyyət imkanlarını önə çıxarır. “Arzu” Qadın İnkişaf Qrupu artıq hər iki istiqamət üzrə bölmə yaradıb və bu bölmələrin inkişafına fəal qadınları cəlb edib.

Vurğulanıb ki, artıq kənd bələdiyyəsi xalçaçılar üçün yer də ayırıb. Sumağallı qadınlarını bu münasibətlə təbrik edən Sevil Əhmədova deyib ki, “Arzu” Qadın İnkişaf Qrupu fəaliyyətini genişləndirmək üçün rəsmi qeydiyyatdan keçməli, həmfikirləri ilə birgə inkişaf proqramı işləyib hazırlamalıdır.

Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qəmbərova, “Arzu” QİQ-in sədri Arzu Mirzəyeva, AzKİL-in Şimal zonası üzrə proqram mütəxəssisi Akif Kərimli, Qarabağ zonası üzrə mütəxəssis Əbülfəz Əhmədov, Balakən rayon “Novruz” Qadın İnkişaf Qrupunun üzvü Meysarat Qaysayeva, Ağdam rayonu Zəngişalı icmasının “Qarabağ” Qadın İnkişaf Qrupunun üzvü Gülbəniz Nağıyeva və başqaları tədbirdə çıxış edərək öz təcrübələri haqda danışıb, “Arzu” QİQ-ə uğurlar arzulayıblar. Vurğulanıb ki, yeni yaranan qrupla kənd investisiya layihəsinin işgüzar əlaqələri Sumağallının inkişafına böyük səmərə gətirəcək.

Sərgidə nümayiş etdirilən xalçalar və şirniyyat nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.