REGİONLAR
İsmayıllının alma bağında dəmgil xəstəliyinin əlamətləri aşkarlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin İsmayıllı Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən rayonun Yeniyol və Diyallı kəndləri ərazisindəki 10 hektar müxtəlif meyvə və 6 hektar qoz bağlarında fitosanitar müşahidə həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşahidə zamanı 5 hektar alma bağında dəmgil xəstəliyinin əlamətləri aşkarlanıb. Xəstəliyin iqtisadi ziyanvurma həddi yüksək olmasa da, sahibkara profilaktiki tədbir kimi kimyəvi mübarizə işləri aparılması tövsiyə edilib.
Bildirilib ki, dəmgil xəstəliyi ciddi ziyan vuran və geniş yayılan göbələk xəstəliyidir, alma və armud ağaclarının yarpağını, birillik zoğlarını, çiçəklərini və meyvələrini sirayətləndirir. Sirayətlənmənin qarşısını vaxtında almaq üçün mübarizə tədbiri aparmaq məqsədilə qış dövründə yarpaqlar yandırılmalı, gövdə ətrafı bellənməli, 3 faizli nitofen, 3-4 faizli Bordo mayesi ilə çiləmə aparılmalıdır. Vegetasiya dövründə 1 faizli Bordo mayesi, 0,4 faizli sineb, mis-xlor oksidi və skor preparatlarından biri ilə 10-12 gündən bir çilənmə aparılmalıdır.
Eyni zamanda, intensiv üsulla salınmış 6 hektar cavan qoz bağında aparılan fitosanitar müşahidələr zamanı antroknoz xəstəliyi müəyyən edilib. Mütəxəssislər tərəfindən sahibkara profilaktiki tədbir kimi aqrotexniki tədbirlərə düzgün əməl edilməsi və kimyəvi mübarizə aparılması ilə bağlı müvafiq tövsiyələr verilib. Mülkiyyətçi tərəfindən dikotan preparatı vasitəsilə mübarizə aparılıb. Digər meyvə bağlarında isə ciddi xəstəlik və zərərvericilərə rast gəlinməyib.
Daha sonra 22 hektar tərəvəz-bostan sahəsində fitosanitar müşahidələr aparılıb və 2 hektar kələm sahəsində kələm sovkası, 1,5 hektar pomidor sahəsində yarpaq qıvrılması,0,5 hektar xiyar sahəsində unlu şeh xəstəliyi müəyyən edilib. Mülkiyyətçilərə kələm sovkasına qarşı supermetrin tərkibli preparatlardan biri ilə, digər xəstəliklərə qarşı isə həm müalicəvi, həm də profilaktiki tədbir kimi 10-12 gündən bir topaz, bordo, ridomil və digər preparatlardan biri ilə mübarizə aparılması tövsiyə edilib. Həmçinin kimyəvi preparatlardan və aqrokimyəvi maddələrdən istifadə zamanı tətbiq olunan doza və texniki təhlükəsizlik tədbirləri barədə təlimatlar təqdim olunub.
Hazırda İsmayıllı rayonu ərazisində karantin zərərvericilərinə və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, payızlıq taxıl toxumlarının seçilməsində çətinlik çəkən fermerlərlə də mütəmadi görüşlər keçirilir, onlara taxılın keyfiyyəti, alaq otları və xəstəliklərə yoluxmasına qarşı aparılan mübarizə tədbirləri barədə məlumatlar verilir və əməli kömək göstərilir.