REGİONLAR


İsmayılovlar ailəsi Üzeyir Hacıbəylinin eynəyini, saatını və tarını əziz xatirə kimi qoruyub saxlayırlar

Ağcabədi, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Ü.Hacıbəyli Azərbaycan xalqının tarixində, mədəniyyətində, milli oyanışında silinməz iz qoyub.

Üzeyir Hacıbəyli 72 il əvvəl dünyasını dəyişsə də, onun ədəbi-bədii irsi, eləcə də istifadə etdiyi əşyalar qorunub saxlanılır, gözəl xatirələri yaddaşlarda yaşayır. Üzeyir bəyin bir vaxtlar dostu - dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılova hədiyyə etdiyi eynəyi, saatı və tarı İsmayılovlar ailəsi tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan İsmayılovlar ailəsi ilə görüşərək, bu görkəmli şəxslər barədə maraqlı məlumatlar əldə edib. Mirzə Vəli İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, 1885-ci ildə Şuşa qəzasının Kəbirli nahiyəsinin Rəncbərlər kəndində anadan olan Mirzə Vəli İsmayılovun Üzeyir Hacıbəyli ilə dostluğu hələ uşaq yaşlarından başlayıb. Üzeyir bəyin atası Əbdülhüseyn kişinin Rəncbərlər kəndi ilə qohumluğu Mirzə Vəlini 5 yaşında olarkən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa realnı məktəbinə getməsinə səbəb olub. Şuşa realnı məktəbini bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə gediblər. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə 1902-ci ildə qəbul olub. 1907-ci ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Müəllim işləyə-işləyə “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Vəli, həmçinin Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda fəaliyyət göstərən Mirzə Vəli sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə doğma kəndi olan Rəncbərlərdə vəfat edib.

Aqil İsmayılov Üzeyir Hacıbəyli ilə Mirzə Vəlinin dostluq münasibətlərindən danışarkən deyib: “Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasında möhkəm dostluq əlaqələri olub. Üzeyir bəy şəkillərdə gördüyümüz eynəyini və saatını Mirzə Vəliyə hədiyyə edib, oğlu Ənvər üçün tar göndərib. Ailəmiz Ü.Hacıbəyli tərəfindən verilmiş bu dəyərli əşyaları bundan sonra da qoruyub saxlayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.