İQTİSADİYYAT


İsmət Vaqifzadə: İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə mühüm təsir göstərir

İsmət Vaqifzadə: İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə mühüm təsir göstərir

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsi, gömrük prosedurları və vergi sahəsində aparılan islahatlar, proseslərin rəqəmsallaşması və “bir pəncərə” sisteminin tətbiqinin genişləndirilməsi beynəlxalq reytinqlərdə mövqeyimizin yaxşılaşdırılması ilə bərabər, ölkəmizin investisiya cəlbediciliyini də artırır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Vaqifzadə deyib.

İqtisadiyyatın rəqəmsallaşmasını ölkənin investisiya cəlbediciliyinə mühüm təsir göstərən amillərdən biri sayan İ.Vaqifzadə bildirib ki, investorlar rəqəmsal infrastrukturun, eləcə də elektron ticarətin inkişaf etdiyi və bazarın daha da genişlənməsi üçün potensialın olduğu ölkələrdə imkanlar axtarırlar. Belə ki, elektron ticarət sektorunun inkişafı paralel olaraq ölkədə sərhədlərarası elektron ticarət imkanlarının, təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur tələb edir. Həmçinin elektron ticarət sahibkarlığı və innovasiyaları təşviq edir və biznes anlayışları, qərarların qəbulu və təhlili üçün böyük həcmdə məlumat bazası yaradır. Bu faktorlar elektron ticarətin böyüməsini yaxından izləyən investorlar üçün gəlir artımı, bazarın genişlənməsi və innovasiyalar sahəsində imkanlar təqdim edir.

“Azərbaycanda həyata keçirilən nəticəəsaslı islahatlar rəqəmsal transformasiya və elektron ticarətdə artım tempinin dayanıqlılığına səbəb olur. Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə nəzər salsaq, BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda 2019-cu il ilə müqayisədə 2021-ci ildə şəffaflıq indikatoru üzrə 6,67 faiz, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 16,67 faiz artıma nail olunub. Ümumilikdə isə Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək rəqəmsallaşma səviyyəsinə görə 35 faiz ölkələrin daxil ola bildiyi birinci qrupda yer alıb. Bununla yanaşı, Azərbaycanda elektron ticarət sahəsində də tətbiq olunan vahid rəqəmsal platforma modeli investisiya mühitinin daha da yaxşılaşdırılmasında istifadə oluna bilər. Belə ki, ölkənin investisiya üçün cəlbedici mühit olaraq təqdim olunması və mövcud elektron xidmətlərə, o cümlədən elektron ticarət sahəsində təqdim olunan imkanlara çıxışın “bir pəncərə”dən mümkünlüyü investisiya sahəsində böyük imkanlar yaradacaq”,- deyə İsmət Vaqifzadə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.