DÜNYA
İspaniya 2030-cu ilədək hərbi xərclərini iki dəfə artırmağı planlaşdırır
Bakı, 17 may, AZƏRTAC
İspaniya 2030-cu ildən gec olmayaraq müdafiə xərclərini iki dəfə artıraraq ümumdaxili məhsulunun iki faizinə çatdırmaq barədə NATO qarşısında öhdəlik götürüb.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, İspaniya hakimiyyəti bu məqsədini NATO-nun iyun ayında Madrid şəhərində keçirilməsi nəzərdə tutulan sammitində elan edəcək.
Hökumətin hesablamalarına görə, qarşıya qoyulan hədəfə 2030-cu ildən gec olmayaraq çatmaq mümkündür. Lakin bu, ümumdaxili məhsulun dinamikasından asılı olaraq daha tez baş verə bilər. Ötən il İspaniyanın müdafiə xərcləri 12,2 milyard avro və ya ÜDM-in təxminən bir faizini təşkil edib.
2014-cü ildə NATO-nun tələbi ilə alyansa üzv ölkələr 2024-cü ilə qədər hərbi xərclərini ümumdaxili məhsullarının iki faizinə çatdırmaq barədə öhdəlik götürüb. Lakin hələlik bloka daxil olan 30 dövlətdən yalnız 10-u bu hədəfə çata bilib.