MƏDƏNİYYƏT
İspaniya Avropada turizm sektorunun bərpası təşəbbüsünə başçılıq edir
Madrid, 28 aprel, AZƏRTAC
İspaniya Avropada turizm sektorunun bərpasına dair birgə plan hazırlanması təşəbbüsünə başçılıq edir. Hamı üçün vahid protokolların daxil olduğu bu planla bağlı təşəbbüsdə Avropa İttifaqının üzvü olan doqquz ölkə iştirak edir.
AZƏRTAC xəbər verir ki, protokol İspaniya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Malta, Kipr, Rumıniya və Bolqarıstanın turizm nazirləri tərəfindən imzalanıb. Bu, Cənubi Avropada turizm sektorunun yenidən fəallaşması üçün bir növ ümumi cəbhədir. Turizmin nazirlərinin qeyri-formal görüşündə turizm sahəsinin bərpası, koronavirusun bu sahəyə neqativ təsirinin yumşaldılması planı haqqında birgə bəyannamə təqdim edilib.
Bəyannaməni imzalamış bütün ölkələrdə turizm iqtisadiyyatın əsas mühərrikidir. Avropa İttifaqında ÜDM-in 10 faizdən çox hissəsini təşkil edən bu sahə iş yerlərinin demək olar ki, 12 faizini təmin edir. Beləliklə, turizm sektorunun mümkün qədər tezliklə fəallaşması bu ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid