DÜNYA


İspaniya Ukraynadan 8 min ton taxılın daşınması təşəbbüsünə başçılıq etməyə hazırdır

Madrid, 25 iyun, AZƏRTAC

Avropanın əsas taxıl mənbələrindən biri olan Ukraynada hərbi əməliyyatlar dünyanın çox yerində aclıq təhlükəsi yaradır.

AZƏRTAC xəbər verir ki, 20 milyon tondan çox taxıl məhsulu Ukrayna elevatorlarında və limanlarda qalmaqdadır. Hərbi vəziyyət səbəbindən məhsulun Qara dəniz vasitəsilə ixracı qeyri-mümkündür.

Vəziyyət geosiyasi destabilləşdirici xarakter daşıyır. BMT-nin məlumatına görə, Ukraynada hərbi münaqişənin nəticəsi kimi dünyanın 41 ölkəsində 180 milyon insan azuqəyə əlçatanlıqdan məhrum ola bilər.

Avropa İttifaqının üzvü olan 27 ölkənin liderlərinin iyunun 23-24-də Brüsseldə keçirilmiş görüşündə İspaniya azı 8 min ton Ukrayna taxılının daşınması və öz elevatorlarında müvəqqəti saxlanması təşəbbüsünə başçılıq etmək təklifini irəli sürüb.

İyulun 15-də işə salınacaq plan özəl sektorun vasitəçiliyi ilə Fransa, Polşa və Lüksemburqun da iştirak etdiyi həmrəylik təşəbbüsüdür.

İspaniyanın Baş naziri Pedro Sançesin sözlərinə görə, əgər plan baş tutarsa, o halda Ukrayna taxılını Barselona, Tarraqona və Kartaxenada yerləşən anbarlara daşıyacaq Ukraynadan olan dəmir yolu nəqliyyatının buraxılış qabiliyyəti tədricən artırılacaq. İspaniya öz anbarlarını təqdim edəcək, buna baxmayaraq, taxılın hansı ölkələrə göndərilməsinə məhz Ukrayna qərar verəcək.

18 min ton Ukrayna qarğıdalısı yüklənmiş ilk gəmi iyunun ortalarında İspaniyanın La-Korunya limanına çatıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.