DÜNYA
İspaniya dördüncü ümumi seçkilər keçirmək məcburiyyətindədir
Madrid, 18 sentyabr, AZƏRTAC
Noyabrın 10-da İspaniyada dördüncü ümumi seçkilər keçiriləcək.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İspaniya kralı VI Filipplə görüşdən sonra ölkənin Baş Naziri vəzifəsini icra edən Pedro Sançes bəyan edib.
Partiyalar arasında dörd ay davam edən mübarizə qulaqbatırıcı uğursuzluqla başa çatıb. Pedro Sançes hökumətə rəhbərlik etməkdən ötrü artıq ikinci dəfədir ki, parlamentin razılığını ala bilmir. Pablo İqlesias başda olmaqla “Podemos” solçu partiyası ona inamsızlığı fəal şəkildə nümayiş etdirib. P.Sançesin sözlərinə görə, bu partiya koalisiya hökumətini yaratmağı təklif edərək, dördüncü seçkilərin keçirilməsinə səbəb olub.
7 ay ərzində ikinci və 4 il ərzində isə dördüncü olan ümumi seçkilər Avropada görünməmiş hadisədir. Bu, həmçinin siyasətçilər nəslinin uğursuzluğunu göstərir.
“Biz aprelin 28-də seçkilərdə qalib gəldik. Biz ispanlardan noyabrın 10-da bunu daha yüksəkdən və açıq bəyan etməyi xahiş edirik”, - deyə sonda İspaniya Sosialist Fəhlə Partiyasının (PSOE) lideri Pedro Sançes bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid