ELM VƏ TƏHSİL


İspaniya dünyada elmi tərəqqi mərkəzlərindən biridir - Dünyanın elm təcrübəsindən

Madrid, 10 mart, AZƏRTAC

Elm və innovasiyalar sahəsi cəmiyyətin inkişafının strateji açarıdır.

İspaniya Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (FESEI) direktoru Migel Alvares de Eulatu Moreno AZƏRTAC-a müsahibəsində İspaniyanın elmi və texnoloji nailiyyətləri, İspaniya cəmiyyətinin rifahının təmin edilməsinə yönəlmiş təşəbbüslərin və siyasətin tədqiqinə və işlənib hazırlanmasına FESEI Fondunun töhfəsi barədə söhbət açıb.

-İspaniya elmi tədqiqatlar reytinqində ölkələrin ilk onluğuna daxildir. 2020-ci ildə İspaniyada elmi tədqiqat və araşdırmalar üçün çəkilmiş xərclərin məbləği 15,8 milyard avroya bərabər olub. Ölkənin ümumi daxili məhsulunun 1,41 faizinə bərabər olan bu xərclər əvvəlki ildəkinə nisbətən 1,3 faiz çoxdur. İspaniya Elm və İnnovasiya Nazirliyinin 2022-ci il üçün büdcəsi 3,8 milyard avroya bərabərdir ki, bu da 2021-ci ildəkinə nisbətən 19 faiz, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə təqribən iki dəfə çoxdur. Hökumətin məlumatına görə, bu, İspaniyada elm üçün ayrılmış ən böyük büdcədir.

Startapların reytinqinə gəldikdə, dünyada lider yerlərdən birini tutan startaplara dövlət dəstəyi ilə yanaşı özəl təşəbbüslər də yüksək səviyyədədir. Madrid startaplar yaradılmasının ön sıralarında gedir.

Tədqiqatlar, araşdırmalar və innovasiyalar üzrə dövlət şirkəti (FECYT) ilə Elm və Texnologiyalar Fondu tərəfindən birgə aparılmış sorğu nəticəsində məlum olub ki, İspaniya əhalisinin 85 faizi elmə dövlət investiyalarının artırılmasının tərəfdarıdır. Respondentlərin 66 faizinin fikrincə, İspaniyada tədqiqatların maliyyələşdirilməsi Avropa üzrə orta göstəricilərdən geri qalır, rəyi soruşulanların 62 faizi isə belə hesab edir ki, tədqiqat işlərinə görə ödənilən əməkhaqqı aşağı səviyyədədir. Bütövlükdə İspaniya beynəlxalq səviyyədə birgə təşəbbüslər üçün əlverişli məkandır, hökumət elmi inkişaf etdirməyin zəruri olduğunu anlayır, sakinlər isə böyük təşəbbüskarlıq göstərirlər.

İspaniya Nazirlər Şurası bu yaxınlarda elm, texnologiyalar və innovasiyalar haqqında yeni qanunu təsdiq edib. Bu qanuna əsasən, İspaniya Kosmik Agentliyinin yaradılması, elm sahəsinə uzunmüddətli dövlət-özəl investisiyaların həcmini ümumi daxili məhsulun 3 faizinə çatdırmaq üçün özəl sektorla əməkdaşlığın möhkəmlədilməsi, istedadlı insanların bu sahəyə cəlb edilməsi üzrə tədbirlər həyata keçirilməsi, daha sabit iş yerləri yaradılması, gender ayrı-seçkiliyinə qarşı mübarizə kimi maraqlı parametrlər müəyyən edilməsi nəzərdə tutulur. Beləliklə, yeni qanunun məqsədi elmi dövlət siyasətinə daha artıq dərəcədə inteqrasiya etməkdir.

-Tədqiqat mərkəzlərinin iş prinsipi nədən ibarətdir?

-Hökumət elm sahəsində dövlət siyasətinin reallaşdırılması tədbirləri kimi ortamüddətli perspektiv üçün hazırlanmış strategiyaları təsdiq edir. Bu strategiyalar elmi, texniki və innovasiya fəaliyyətinin genişləndirilməsi üçün elm, texnologiyalar və innovasiyalar sahəsində İspaniya strategiyaları (EECTI) adlanır.

İspaniyada dövlət tədqiqat təşkilatları (OPI) bilavasitə elmi-texniki tədqiqatlar aparılması və texnoloji xidmətlərin təqdim edilməsi üzrə fəaliyyət üçün Baş Dövlət Administrasiyası tərəfindən yaradılmış müəssisələrdir. Bundan əlavə, III Karlos adına Səhiyyə İnstitutu elmi və texniki tədqiqatların maliyyələşdirilməsi üzrə fəaliyyəti həyata keçirəcək.

-Bu gün İspaniya alimləri hansı istiqamətlərdə çalışırlar?

-Orqanların köçürülməsi və xərçəng xəstəliyinə qarşı mübarizə sahəsində etiraf edilmiş nailiyyətlərlə yanaşı elm sahəsində İspaniyanın nailiyyətlərinin əhatə dairəsi genişlənir. 2021-ci ildə qlobal səviyyədə böyük təsir göstərmiş bir neçə nümunəni göstərmək kifayətdir:

İspaniya astrobiologiya və kosmik missiyalar sahəsində Ceyms Uebbin kosmik teleskopunun və Marsda yeriyən “Perseverance” aparatında quraşdırılan dəqiq alətlərinin, Marsın tədqiqatına yönəlmiş texnologiyaların araşdırılması və alətlər hazırlanması ilə diqqəti cəlb edir. Onu da qeyd etmək lazımdır ki, İspaniya kosmosa raketlər göndərmək üçün kifayət qədər texnologiyalara, məsələn təkrar istifadə üçün nəzərdə tutulan suborbital “Miura 1” daşıyıcı raketə malik olan azsaylı ölkələrdən biridir.

İspan-Amerika əsilli neyrobioloq, 2013-cü ildə elan edilmiş “Beyin” təşəbbüsünün müəlliflərindən biri olan Rafael Yuste nevrologiya sahəsində dünyaşöhrətli mütəxəssislərdən biridir. İspaniya nevrologiya sahəsinə böyük töhfələr verib. Məsələn, ispan alimləri kortikal mikroelektrodlu implantatların köməyilə gözdən əlil insanlara vizual oriyentirlər verməyə nail olublar. Bu implatantlar gözün torlu qişası kimi təsir göstərən xüsusi eynəklərdən daxil olan elektrik impulslarını müvafiq təsvirlərə çevirir.

Digər tərəfdən, serebral iflicdən əziyyət çəkən uşaqların yeriməsinə kömək edə bilən pediatrik ekzoskelet ilk dəfə İspaniyada hazırlanıb. Hipokamptda kök hüceyrələrin mövcud olmasını nümayiş etdirən araşdırmalar İspaniya elminin dünya alimləri qarşısında duran ən böyük problemlərdən birini – beyinin fəaliyyətinin dərk edilməsi sahəsinə nə dərəcədə yiyələndiyini göstərir.

İspaniya elmi uzunmüddətli perspektivdə pandemiyanın çağırışlarına da cavab verib – COVID-19-a qarşı intranazal, öz-özünə amplifikasiya edən və sterilizə olunan vaksin yaradılıb. Artıq 2022-ci ildə bazara daxil olacaq bu vaksin COVID-19-un simptomlarına və virusun yayılmasına qarşı mübarizə aparacaq, beləliklə sosial vəziyyətin normallaşmasında keyfiyyət dəyişikliklərinə şərait yaradacaq. İspan alimlər qlobal səviyyədə ortamüddətli vəzifə sayıla biləcək bir məsələdə - antibiotiklərə davamlı superbakteriyaların müalicəsində böyük uğurlar qazanıblar.

Parkinson xəstəliyinin müalicəsində qazanılmış uğurlar, qocalmanın farmakoloji metodlarla müalicəsi də ispan alimlərinin uğurlarındandır. Beləliklə, İspaniya elminin gücü göz qabağındadır.

-İspaniya alimləri özlərinin hansı qabaqcıl təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşə bilərdilər?

-İspaniya elmi və innovasiyaları təbii və bərpaolunan resursların idarə edilməsi kimi məsələlərdə Azərbaycan Respublikasının elmi inkişafı ilə bir sıra istiqamətlərdə qarşılıqlı fəaliyyət göstərə bilər. Qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə iki ölkə arasında qarşılıqlı əlaqələr uğurlu olacaq.

FESEI, öz tərəfindən, ölkələrimizin rifahı naminə müştərək dövlət-özəl strategiyaları müəyyən etmək üçün elm və innovasiyalar sektorunda Azərbaycanın müvafiq subyektləri ilə əlaqələr yaratmağa və konkret məsləhətlər verməyə hazırdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.