DÜNYA


İspaniya elmi mərkəzlərində onkologiyanın mürəkkəb formalarının müalicəsi üçün yeni metodlar yaradılıb

Madrid, 16 iyun, AZƏRTAC

Son iki ildən artıq müddətdə koronavirus pandemiyası səbəbindən alimlər əsas diqqəti COVID-19 infeksiyası üzərində cəmləşdirməyə məcbur olublar. Lakin onkologiyanın mürəkkəb formalarının müalicəsi üçün səmərəli metodlar yaradılması yenə elmi araşdırmaların əsas mövzusu kimi qalır.

AZƏRTAC xəbər verir ki, “Sanofi Iberıa” mərkəzinin onkologiya bölməsinin rəhbəri Fransisko del Valın sözlərinə görə, 2021-ci ildə bu şirkətin apardığı 71 klinik tədqiqatdan 25-i onkologiya sahəsinə aiddir. Onkoloji xəstələr üçün yaxşı yenilik ondan ibarətdir ki, elmi innovasiyalar laboratoriyalar çərçivəsindən çıxır və praktikada hər kəs üçün əlçatan reallığa çevrilir.

Barselona klinik xəstəxanasının (Hospital Clínic de Barcelona) ağciyər xərçənginə qarşı mübarizə funksional bölməsinin koordinatoru Noemi Requartın sözlərinə görə, ən çətin müalicə olunan xəstəliklərdən biri sayılan ağciyər karsiomasının müalicəsində yeni nəticələr alınıb. Son onillikdə ispan onkoloqlar bu və ya digər müalicə metodunun hansı xəstələr üçün daha çox fayda verəcəyini proqnozlaşdırmağa imkan verən biomarkerləri müəyyən ediblər. Bunun sayəsində sağalma göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olub. Requartın sözlərinə görə, bu sahədə problemlər çox olsa da, alimlər xəstəliyin biologiyasını daha yaxşı anlamağa başlayıb və müalicənin optimalşdırılmasında xeyli irəli gediblər.

Salamanka Universitet xəstəxanasının mieloma şöbəsinin müdiri Mariva Mateusun sözlərinə görə, ən çox yayılmış ikinci bədxassəli şişin təbiəti barədə əhalinin məlumatının az olması xəstələr arasında böyük qorxu yaradır. Bununla belə, pasiyentlərin əksəriyyəti üçün müalicə variantları çoxdur. Yüksək riskə aid olması proqnozlaşdırılan qrup təqribən 15 faiz təşkil edir. Əsas məsələ xəstəliyin mərhələsini düzgün müəyyən etməkdir.

İspan onkoloqların fikrincə, xərçəng xəstəliyinə tutulanların sağalacağına ümid çoxdur. Ona görə ki, xəstəliyin erkən mərhələsində yeni, effektiv müalicə metodları və diaqnostik sistemlər işlənib hazırlanır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.