CƏMİYYƏT


İspaniya hökuməti bu ilin sonuna qədər Ərzaq itkiləri və qida tullantıları haqqında Qanun qəbul etmək niyyətindədir

Madrid, 9 avqust, AZƏRTAC

İspaniya Kənd Təsərrüfatı, Balıqçılıq və Yeyinti Sənayesi Nazirliyinin hesabatına görə İspaniyanın hər sakini il ərzində orta hesabla 28 kiloqram qidanı tullayır. Çox vaxt dondurulmuş ət, souslar, paxlalılar, meyvələr və şirələr qida tullantılarına çevrilir.

AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, keçən il İspaniyada 1,2 milyon ton qida məhsulu atılıb. Bu, bir il əvvəlki ilə müqayisədə 8,6 faiz azdır. Statistikanın azalması, xüsusi halda, adətlərin dəyişməsi, qida məhsullarının bahalaşması və əhalinin məlumatlılıq dərəcəsinin artması ilə bağlıdır.

Digər tərəfdən, İspaniya hökuməti bu ilin sonuna qədər “Ərzaq itkiləri və qida tullantıları haqqında” Qanun qəbul etmək niyyətindədir. Bu qanuna əsasən barlar, restoranlar və supermarketlər üçün sanksiyalar nəzərdə tutulur.

Nazir Luis Planasın sözlərinə görə, qida məhsulları zəncirinin bütün iştirakçılarını tullantıların qarşısını almaq planı hazırlamağa məcbur edəcək bu qanunun pozulmasına görə 60 min avroya qədər cərimə nəzərdə tutulur.

Müxtəlif araşdırmalar göstərir ki, dünyada qida məhsullarının təqribən üçdə bir hissəsi tullantıya çevrilir. BMT-nin keçən il üzrə hesabatına görə, dünyada istehsal edilmiş qida məhsullarının təqribən 17 faizi zibilxanaya düşür.

 
Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.