SİYASƏT
İspaniya ictimaiyyəti Ermənistanın Azərbaycanın Bərdə rayonunu raket atəşinə tutması barədə məlumatlandırılıb
Madrid, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun ballistik raket atəşinə tutulması ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən mətbuat açıqlaması hazırlanıb və yerli kütləvi informasiya vasitələri arasında yayılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemindən atılan raketlər nəticəsində 4 mülki şəxs, o cümlədən 1 uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.
Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquqla bağlı öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.
Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrədə keçirəcəkləri görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi təcavüzkar ölkənin münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz nümunəsidir.
Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Azərbaycan tərəfi cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırır”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid