İDMAN
İspaniya klublarında koronavirus həyəcanı
Bakı, 30 iyul, AZƏRTAC
La Liqa təmsilçisi “Sevilya” klubunun üzvündə koronavirus aşkarlanıb. Komandanın bütün üzvləri testdən keçiblər. Nəticədə bir futbolçuda virusun olduğu məlum olub.
AZƏRTAC xəbər verir ki, adı açıqlanmayan oyunçu ev şəraitində karantinə alınıb. Həmin futbolçuda xəstəliyin əlamətlərinin olmadığı bildirilir. Komandanın bütün üzvləri bu hadisədən sonra yenidən testdən keçiblər. Bütün nəticələr mənfi olsa da, klub rəhbərliyi ikinci dəfə testdən keçməyi məqbul sayıb.
Komandanın məşq bazası dezinfeksiya edilib və məşqlərə qısa ara verilib. Futbolçuların hələlik yalnız fərdi şəkildə məşqinə icazə verilib.
“Sevilya” UEFA Avropa Liqasının pley-off mərhələsinə hazırlaşır. Komanda avqustun 6-da səkkizdəbir final mərhələsi çərçivəsində “Roma” ilə qarşılaşacaq.
Daha əvvəl “Real Madrid”in hücumçusu Mariano Diasın da testi müsbət nəticələnmişdi. Futbolçu ev şəraitində karantinə alınaraq müalicəsinə davam edir. Onun UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Mançester Siti” ilə oyunda iştirak etməyəcəyi dəqiqdir. Həmin qarşılaşma avqustun 7-nə təyin edilib.