DÜNYA
İspaniya məhkəməsi Karles Puçdemonun həbsi barədə hələlik qərar qəbul etməyib
Bakı, 2 noyabr, AZƏRTAC
İspaniya milli məhkəmə palatasının hakimi hazırda Brüsseldə olan Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısı Karles Puçdemonun və region hökumətinin digər üzvlərinin həbsinə dair hələlik qərar qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məhkəmədəki mənbəyə istinadla məlumat yayıb.
“La Vanguardia” qəzetinin bir qədər əvvəl yaydığı xəbərə görə, milli məhkəmə palatasının hakimi Karmen Lamela Kataloniya hökumətinin bu gün ifadəsi alınmış səkkiz sabiq üzvünün, o cümlədən muxtariyyətin keçmiş başçısının müavini Oriol Junkersin işə baxılanadək həbsdə saxlanılması barədə order verib.
Qəzetin məlumatına görə, həbsdən yalnız sahibkarlıq və elm işləri üzrə sabiq müşavir Santi Vile yayına bilib. O, vəzifəsindən Kataloniyanın müstəqilliyi elan olunmazdan əvvəl könüllü şəkildə istefa vermişdi. Məhkəmə onun 50 min avro girov şərti ilə azadlıqda qalmasına razılaşıb.