SİYASƏT
İspaniya mətbuatında Sumqayıt və Burqos şəhərləri arasında əməkdaşlığın qurulması imkanları barədə məqalə dərc olunub
Madrid, 18 fevral, AZƏRTAC
İspaniyanın Burqos regionunun rəsmiləri Azərbaycanın iqtisadi potensialı və işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək irimiqyaslı quruculuq işləri barədə məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Burqos vilayətinin “Tu Voz en Pinares” qəzetində Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun İspaniyanın Kastilya və Leon muxtar vilayətinin Burqos şəhərinə səfəri çərçivəsində Burqos şəhərinin icra hakimiyyətinin rəhbəri Daniel de la Rosa, Burgos regional parlamentinin sədri Sesar Riko Ruis və Burqos Şirkətləri Assosiasiyaları Konfederasiyasının prezidenti Migel Anxel Benavente ilə görüşlər keçirməsi, vilayətin “Tu Voz en Pinares” televiziya kanalına müsahibə verməsi barədə məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, keçirilmiş görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə əsaslı islahatların həyata keçirilməsi, azad rəqabət mühitinin yaradılması, insan kapitalının təşviqi, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində respublikamızda davamlı iqtisadi inkişafın təmin edildiyi, sosial rifahın daha da artırıldığı, bütün sahələrdə hərtərəfli tərəqqiyə nail olunduğu barədə Burqos rəsmilərinə ətraflı məlumat verilib.
Beynəlxalq enerji və nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyi qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtda yaradılmış, ən qabaqcıl texnologiyaların istifadə olduğu Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkının uğurla fəaliyyət göstərdiyi, bu mənada, Burqos şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanlarının mövcud olduğu diqqətə çatdırılır.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid